Filippo Lombardi: Avropa Oyunları xalqlarımızın ümumi mənafelərinə xidmət edir
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Milli Məclisin sədri Oqtay Əsədov I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin Kantonlar Şurasının üzvü, Azərbaycanla dostluq qrupunun sədr müavini Filippo Lombardi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı “Bakı-2015” I Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb. Sədr Oyunlarda iştirak edən isveçrəli idmançılara uğurlar arzulayıb, bu tədbirin əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini qeyd edib.
Oqtay Əsədov Avropa ölkələrinin parlamentləri ilə əlaqələrin inkişafının həmişə diqqət mərkəzində olduğunu söyləyib. “Bu baxımdan biz İsveçrə parlamentinin Kantonlar Şurası ilə də əməkdaşlığın genişlənməsində maraqlıyıq. Deputatlarımızın beynəlxalq qurumlarda mütəmadi görüşləri və prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparılması tərəflər üçün əhəmiyyətlidir”, - deyə Milli Məclisin sədri əlavə edib.
İsveçrə parlamentinin Kantonlar Şurasının üzvü, Azərbaycanla dostluq qrupunun sədr müavini Filippo Lombardi I Avropa Oyunlarının açılış mərasimində iştirakından məmnunluq duyduğunu söyləyib. O, belə möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirilib ki, bu cür oyunlar xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.