Filippo Lombardi: Azərbaycan nəyə qadir olduğunu bir daha sübut etdi
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin Kantonlar Şurasının üzvü, Azərbaycanla dostluq qrupunun sədr müavini Filippo Lombardi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bahar Muradova Azərbaycan üçün çox əhəmiyyətli bir gündə ölkəmizdə olduğuna görə Filippo Lombardiyə minnətdarlığını bildirib. Qeyd edib ki, birinci Avropa Oyunları kimi bir tədbirin təşkil olunması bütün ölkələr üçün vacib əhəmiyyət kəsb edir. O, əminliyini bildirib ki, Avropa Oyunları yüksək səviyyədə keçəcək.
Bahar Muradova deyib ki, bu gün Azərbaycanla İsveçrə arasında əlaqələr ən yüksək səviyyədədir. Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu dostlarımıza və kənardan müşahidə edənlərə yaxşı tanışdır. Lakin ölkəmiz bəzən bu inkişafın məqsədinə uyğun gəlməyən münasibətlərlə üzləşir. Birinci Avropa Oyunları ərəfəsində biz bunun şahidi olduq. Amma biz idmanın siyasətdən ayrı olması həqiqətinə inanırıq. Sevinirik ki, sizin kimi dostlar bu gün Azərbaycandadır.
Filippo Lombardi birinci Avropa Oyunlarının açılışı münasibətilə ölkəmizdə olmasından böyük sevinc hissi keçirdiyini qeyd edib. Bildirib ki, Azərbaycan qısa müddət ərzində nəyə qadir olduğunu bir daha sübut etdi. Bu hadisə uzun müddət yaddaşlarda qalacaq.
İsveçrə parlamentinin Kantonlar Şurasının üzvü ölkələrimizin bir sıra məsələlərdə yaxın və oxşar mövqelərdən çıxış etdiyini deyib. İqtisadi münasibətlərimizin də yaxşı səviyyədə olduğunu qeyd edən qonaq diqqətə çatdırıb ki, SOCAR-ı İsveçrədə hamı tanıyır. İsveçrənin də bir sıra şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Filippo Lombardi deyib ki, Bakıya səfəri ərəfəsində bir sıra sərmayəçilər ona Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını və bu sahədə də danışıqlar aparmağa ehtiyacın olduğunu bildiriblər.
Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişaf perspektivləri və bir sıra problemlərin məhz parlamentlərarası qruplar vasitəsilə həlli barədə fikir mübadiləsi aparılıb.