Fiziologiya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnallarda çap olunub
Bakı, 28 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova, İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Xatirə Səfixanova, Ekotoksikologiya laboratoriyasının baş elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aliya Qaysinanın həmmüəllif olduğu məqalə Ukraynanın “B.M.Mankovski adına Nevrologiya jurnalı”nda (The Journal of Neuroscience of B.M.Mankovskyi) və Sinqapurun “Beynəlxalq Klinik Tibb və Biomühəndislik Jurnalı”nda (International Journal of Clinical Medicine and Bioengineering) çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri ilə birgə hazırlanan məqalə “COVID-19” xəstələrinin xəstəxanaya yerləşdirilməsi zamanı qan nümunələrinin cins və yaş xüsusiyyətləri” mövzusuna həsr olunub. Məqalədə “COVID-19” xəstələrində bəzi hematoloji parametrlər cins və yaş baxımından təhlil edilib.
Aparılan tədqiqatın əsas məqsədi “COVID-19”a yoluxmuş və xəstəxanaya yerləşdirilmiş insanlarda xəstəliyin erkən mərhələsində qan profilini araşdırmaq olub. Tədqiqat zamanı “COVID-19”a yoluxmuş 332 xəstənin hemoqramlarının retrospektiv təhlilindən istifadə edilib. Məlum olub ki, daha ağır xəstələrdə limfositlərin və eozinofillərin sayı azalır.
Qeyd edək ki, qan nümunələrinin kliniki dəyəri xəstələrin cinsindən və yaşından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bu isə diaqnoz və xəstəliyin gedişatının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan vacib amillərdən biridir və xəstələrin müalicəsinin bu parametrlərdən istifadə olunmaqla təyin edilməsi məqsədəuyğundur.