Fizioterapevt: Osteoxondrozdan tam sağalmaq mümkün deyil
Bakı, 19 iyul, AZƏRTAC
Osteoxondroz onurğa sütununda baş verən xroniki degenerativ xəstəlikdir. Bu xəstəlik zamanı həm fəqərələr, həm də fəqərəarası disklər zədələnir.
Əsasən 30-35 yaşlardan etibarən yaranmağa başlayan osteoxondrozun əlamətləri xəstəliyin ağırlıq dərəcəsinə və onurğanın hansı hissəsində olmasına görə fərqlənir. Duzlaşma onurğanın boyun hissəsində olarsa, bu zaman baş, boyun, yuxarı ətraflarda ağrılar, keyləşmə, baş gicəllənməsi, qulaqlarda səs kimi əlamətlər baş verir. Duzlaşma onurğanın döş hissəsində olduqda isə qabırğaarası əzələ ağrıları, təngnəfəslik, hətta daxili orqanlarda funksiya pozulmaları kimi əlamətlər müşahidə edilir. Bel nahiyəsindəki duzlaşma beldə, aşağı ətraflarda ağrılar, keyləşmə, hərəkət zamanı ağrıların artması və digər əlamətlərlə özünü göstərir.
Bunu AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyeva deyib.
Onun sözlərinə görə, osteoxondroza oturaq həyat tərzi keçirən, çox ağır yük qaldıran, tez-tez onurğa travmalarına məruz qalan, fiziki aktivliyi olmayan və ağır çəkili insanlarda daha çox rast gəlinir.
“Təəssüf ki, bu xəstəlikdən tam sağalmaq mümkün deyil. Sadə profilaktik tədbirlərə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar. Əgər xəstəlik artıq yaranıbsa, bizim vəzifəmiz xəstəni narahat edən simptomları aradan qaldırmaq və onun inkişafının qarşısını almaqdır”, - deyə F.Piriyeva bildirib.