SİYASƏT
FLETÇER HÜQUQ VƏ DİPLOMATİYA MƏKTƏBİNDƏ AZƏRBAYCANLA BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 30-da ABŞ-ın Tafts Universitetinin məşhur Fletçer Hüquq və Diplomatiya Məktəbində Azərbaycanla bağlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Azərbaycan Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının əməkdaşları iştirak etmişlər.
Professor Andryü Hess dəyirmi masada çıxış edərək regionda baş verən proseslərdən danışmışdır. Sonra Diplomatik Akademiyanın əməkdaşları və Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Fletçer Hüquq və Diplomatiya Məktəbinin məzunu Elin Süleymanov ölkəmizdə baş verən ictimai-siyasi proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və regional enerji layihələri barədə amerikalı tələbə və müəllimləri məlumatlandırmışlar.