“Fövqəladə hallar könüllüləri” proqramına başlanılıb
Bakı, 24 iyul, AZƏRTAC
Ölkəmizdə və onun hüdudlarından kənarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə hallar könüllüləri” proqramına start verilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı Prezident İlham Əliyevin çağırışına əsasən 150 Azərbaycan Könüllüsündən ibarət heyət, qardaş ölkəyə yollanaraq zərərçəkən əhaliyə humanitar yardım göstərilməsi, çadırların qurulması, təminat və digər ehtiyacların paylanılması, zəlzələdən əziyyət çəkən uşaqlarda yaranan travmaların qismən aradan qaldırılması proseslərində iştirak ediblər. Bu Azərbaycan Könüllülərinin xaricdə genişmiqyaslı fövqəladə hal zamanı ilk fəaliyyətidir.
Bu təcrübədən irəli gələrək “Fövqəladə hallar könüllüləri” proqramına könüllülərin qəbulu üçün qeydiyyata start verilib. Qeydiyyatdan keçən könüllülərin ilkin qiymətləndirilməsi başa çatdıqdan sonra müsahibə mərhələsindən də uğurla keçən könüllülər peşəkar təlimçilər tərəfindən müxtəlif sahələr üzrə təlimlərə cəlb olunacaqlar. Həmin müddətdə davam edəcək təlim mərhələsi zamanı könüllülər, fövqəladə hallar və həyat təhlükəsizliyi, yarana biləcək situasiyalarda davranış qaydaları, qəza hallarında, yaralanma və s. situasiyalarda ilk yardım və ilkin psixoloji yardım göstərmək, yanğından mühafizə, mülki müdafiə və sair təlimlərdə iştirak edəcəklər.
Könüllülərin ümumilikdə müxtəlif istiqamətlər üzrə (tədbirlərdə fəaliyyət, yanğın təhlükəsizliyi, mülki müdafiə, maarifləndirmə, axtarış-xilasetmə, ilk yardım, ilkin psixoloji yardım, humanitar yardım və s.) fəaliyyət göstərmələri nəzərdə tutulub. Proses tamamlandıqdan sonra isə sertifikatla təmin olunan könüllülər, qeyd edilən istiqamətlər üzrə qruplara bölünərək “Fövqəladə hallar könüllüləri” olaraq fəaliyyətə başlayacaqlar.