Fransa dövlətinin konsaltinq firmaları ilə kontraktları yenidən gündəmə gəlib
Paris, 14 dekabr, AZƏRTAC
Fransada konsaltinq firmaları ilə dövlətin kontraktları məsələsi yenidən gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, Fransa Hesablama Palatasının 2021-ci il məxfi hesabatında COVID-19 pandemiyası zamanı dövlət və konsaltinq firmaları arasında problemli şərtlərlə kontraktlar bağlandığı aşkarlanıb. Maliyyə məsələləri üzrə müstəntiqlər 2020 və 2021-ci illərdə “McKinsey”, “Accenture”, “Citwell”, “JLL” və “Roland Berger” firmaları ilə bağlanmış bir sıra kontraktları yenidən dərindən araşdırmaqdadır.
İlk iki firma peyvənd strategiyasının hazırlanmasına kömək etmək üçün Sosial Transformasiya üzrə Nazirliklərarası İdarə tərəfindən 2017-ci ildə başlayan tenderlə cəlb olunub. Hesablama Palatasının fikrincə, “peyvənd strategiyasının sosial transformasiya ilə əlaqələndirilə biləcəyi hesab olunub. Bu əlaqə əsasən süni görünür”. Əslində, qeyd olunan layihələrdə xərcləri azaltmaqla dövlət fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi daşıyan bu meyar peyvənd strategiyasına dair missiyaya cavab vermir.
Bu missiyalar anormal şəkildə konsaltinq firmalarına həvalə edilib. 2020-ci ildə həyata keçirilən səkkiz missiyadan vergi daxil olmaqla 2,3 milyon avro alan “Citwell” firması “logistika axınlarını” (xüsusən də maskalar və digər qoruyucu vasitələr) təşkil edib və Fransa Dövlət Səhiyyə Xidmətinə və müxtəlif benefisiarlara göndərilməsi üçün sifarişlər edib.
Hesablama Palatası bildirib ki, hökumətin “Citwell” firmasına həvalə etdiyi bu missiyalar özəl sektor təminatçısına təyin edilməli olan missiyalardır. Palata hökumətin administrasiyasının səlahiyyətlərini “Roland Berger” firmasına həvalə etməsini anormal adlandırıb. Bildirib ki, hökumətin administrasiyası güclü daxili təftiş orqanına və tələb olunan bütün bacarıqlara cavab verən Sosial Məsələlər üzrə Baş Müfəttişliyə malikdir.
Konsaltinq firmalarına anormal müraciətləri görən Hesablama Palatası Səhiyyə Nazirliyinin mərkəzi idarələrinin daxilində müvafiq tələblərə cavab verildiyi halda, belə firmalara müraciəti məhdudlaşdırmağı tövsiyə edib. Bu tövsiyə konsaltinq firmalarının istifadəsi üçün 2023-cü ildən tətbiq ediləcək yeni struktur təqdim edir və hökumət bunu nəzərə almalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris