Fransada müəllimlər şagirdlərin “çeşidlənməsinə” etiraz edirlər








Paris, 3 aprel, AZƏRTAC
Parisdə yüzlərlə müəllim və təhsil işçisi Fransa hökumətinin elan etdiyi “bilik şoku” (choc des savoirs) islahatlarına qarşı nümayiş keçirərək narazılıqlarını ifadə ediblər.
AZƏRTAC xəbər verir ki, bir neçə siyasi xadimin və üsyankar deputatların da qatıldığı nümayişdə “bilik şokuna yox”, “Blanke cəhənnəm idi, Attal öldürücü olacaq” şüarları səsləndirilib.
Müəllimlərin geniş miqyaslı səfərbərliyi xoşagəlməz islahatlara və iş şəraitinin pisləşməsinə etiraz etmək üçün bir neçə həmkarlar ittifaqı tərəfindən milli səviyyədə başlayıb. Bir sıra həmkarlar ittifaqlarının da dəstəklədiyi Nümayiş və əsasən orta məktəb müəllimlərinin həmkarlar ittifaqı olan Snes-FSU-nun təşəbbüsü ilə keçirilib.
Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların yaradılmasına, yəni şagirdlərin çeşidlənməsi yolu ilə siniflərin təşkilinə etiraz edirlər. Onlar “çeşidləmə” kimi qəbul edilən qeyri-bərabər yanaşmanı pisləyir və bu islahatın effektiv həyata keçirilməsi üçün lazımi resursların olmadığını vurğulayırlar.
Bundan əlavə, müəllimlər maaşların və dövlət məktəbləri üçün resursların artırılmasını tələb edirlər. “Bizim bütün tələbələrimizə fərq qoymadan keyfiyyətli təhsil vermək üçün adekvat dəstəyə ehtiyacımız var”, - deyə həmkarlar ittifaqlarının bəyanatda qeyd olunur.
Etirazlar Paris, Lion və Marsel kimi böyük şəhərlər də daxil olmaqla, bütün Fransaya yayılıb. Aksiyaları Snes-FSU saytında real vaxt rejimində izləmək olur.