Fransanın qadın fubolçuları dünya çempionatına böyük hesablı qələbə ilə başlayıblar
Paris, 8 iyun, AZƏRTAC
İyunun 7-də Parisdəki “Park de Prins” stadionunda oynanılan Fransa - Cənubi Koreya matçı ilə qadın futbolçular arasında dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan bu komandaların görüşündə Fransa yığması rəqibini 4:0 hesabı ilə darmadağın edib. Çempionatın birinci qolunu matçın 9-cu dəqiqəsində Evgeniya Le Sommer vurub. Digər qolları rəqib qapısından Vendi Renar (35, 45+2) və Amandin Anri (85) keçiriblər.
Dünya çempionatın ikinci günündə - iyunun 8-də üç qarşılaşma keçiriləcək. A qrupunun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq digər qarşılaşmasında Norveç və Nigeriya yığmaları üz-üzə gələcəklər.
Günün digər iki oyununda B qrupunda yer alan komandalar görüşəcəklər. Saat 17:00-da Almaniya - Çin, 20:00-da isə İspaniya - Cənubi Afrika görüşü başlayacaq.
İyulun 7-dək davam edəcək çempionatda 24 komanda altı qrupda mübarizə aparır. A qrupunda Fransa və Cənubi Koreya yığmaları ilə yanaşı, Norveç və Nigeriya milliləri də yer alıblar. Almaniya, Çin, İspaniya və Cənubi Afrika milliləri B, Avstraliya, İtaliya, Braziliya və Yamayka yığmaları C qrupunda mübarizə aparacaqlar.
Çempionatın D qrupundan səkkizdəbir finala vəsiqə uğrunda İngiltərə, Şotlandiya, Argentina və Yaponiya, E qrupundan isə Kanada, Kamerun, Yeni Zelandiya və Hollandiya futbolçuları yarışacaqlar. Sonuncu - F qrupunda isə ABŞ, Tailand, Çili və İsveç seçmələri yer alıblar.
Dünya çempionatının görüşlərinə Fransanın 9 şəhəri - Paris, Le Havr, Valensien, Reyms, Renn, Lion, Monpelye, Nitsa, Qrenobl ev sahibliyi edir. Qrup mərhələsinə iyunun 20-də yekun vurulacaq. İyunun 22-25-də səkkizdəbir, 27-29-da dörddəbir final görüşləri keçiriləcək. Yarımfinal qarşılaşmaları iyulun 2-3-də, üçüncü yer uğrunda görüş isə iyulun 6-da oynanılacaq. Final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.
Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniya millisini minimal hesabla məğlubiyyətə uğradıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris