FRANSIZ RƏSSAMI MARİON JANƏNİN SƏRGİSİ AÇILMIŞDIR
Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Kitabda şəkil” adlı sərgidə M.Janənin 50-dən çox şəkil və illüstrasiyası nümayiş etdirilir. 1972-ci ildə Fransanın Lion şəhərində anadan olan Marion Janən riyaziyyat üzrə təhsil almış, bir neçə il Burqundiyada dərs demiş, sonra isə Epinal şəhərində Ali İncəsənət Məktəbinə daxil olmuş, təhsilini Nant şəhərində davam etdirmişdir. Hazırda həmin şəhərdə yaşayır və kitab rəssamı işləyir, eyni zamanda rəssamlıq studiyalarında iş aparır. Bu illərdə rəssamın illüstrasiyaları olan “Cırılmış səhifə” (1997), “Pəri Vivianın çamadanı” (1998), “Mariyanın adları” (1999) kitabları çap olunmuşdur. Marionun 2003-cü ildə “Rastel” nəşriyyatında “Eben ağacı kimi qara” adlı ilk albomu buraxılmışdır.
M.Janənin sərgidə “Pinokionun sonuncu macərası”, “Su pərisinin xəyalı”, “Alis möcüzələri”, “Don Juan kafedə”, “Xəyal” silsiləsi və digər şəkil və illüstrasiyaları nümayiş etdirilir. Sərginin açılışı mərasimində xanım M.Janən demişdir ki, mən əsasən qələmlə çox işləyirəm və dəqiqliyi çox sevirəm. Deyilənə görə, mənim mövzularım qəmginlik yaradır, lakin mən həsrətə çox meyil edirəm. İndiyədək yalnız Fransada bu şəkillərim 4 dəfə sərgilərdə nümayiş olunmuşdur. Bakıda ilk dəfədir sərgim açılır. Bu, mənim xaricdə birinci sərgimdir.
Sərgi oktyabrın 14-dək davam edəcəkdir.