FUTBOL KLUBLARINA QAZANDIQLARINDAN ÇOX PUL XƏRCLƏMƏLƏRİ QADAĞAN EDİLƏCƏKDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Avropa Futbol Assosiasiyalarının (UEFA) İcraiyyə Komitəsi maliyyə “feyp-pley”ə dair yeni konsepsiyanı bəyənmişdir. Həmin konsepsiyaya bundan əvvəl peşəkar futbol üzrə Strateji Şura (PFSŞ), habelə Avropa Klubları Assosiasiyası (AKA) və UEFA-nın klub yarışları Komitəsi dəstək vermişlər.
Yeni konsepsiyaya görə, futbol klubu qazandığından çox pul xərcləyə bilməz. Bu məsələ sentyabrin 15-də keçirilmiş iclasda qızğın müzakirə edilmişdir.
Konsepsiyaya görə, futbol klublarının varlı sahibləri komandaların maliyyələşdirilməsində, o cümlədən yeni futbolçuların alınmasında şəxsi vəsaitlərindən istifadə etməkdən məhrum olunurlar.
Yeni qaydalar 2012-2013-cü illərin futbol mövsümündən tətbiq ediləcəkdir. İngiltərənin aparıcı şərhçiləri bu normaya artıq “inqilab” adı vermişlər.
UEFA-nın rəhbəri Mişel Platini demişdir: “Biz klublara xələl gətirmək istəmirik, əksinə onlara kömək etmək fikrindəyik. Qazanılan vəsait hesabına yaşamaq həmişə qanun kimi qəbul olunmuşdur. Lakin son illər bir sıra futbol komandaları buna əməl etmirlər. Hazırda Avropanın hər iki klubundan biri vəsaitini itirir və bu tendensiya get-gedə güclənir. Biz bunun qarşısını almalıyıq”.
UEFA.com. qeyd edir ki, yeni konsepsiyanın əsas məqsədi maliyyə sahəsində ədalətliliyi yüksəltmək və Avropa klublarını uzunmüddətli perspektivdə sabit vəziyyətə gətirməkdir. Konkret müddətdə müəyyən olunmuş limiti üstələyən klublar mədaxillə məxarici bərabərləşdirməlidirlər. Bundan başqa, klublar transferlərə əmək haqqı və xərclərin səviyyəsi üzrə təlimatla, habelə borcların miqdarının sabitliyi göstəriciləri ilə təchiz olunacaqlar. Klublar, həmçinin üzərlərinə götürdükləri bütün maliyyə öhdəliklərini yerinə yetirməyə borcludurlar.
Bütün bunlar bahalı futbolçuların əldə olunması əvəzinə klubları perspektivə (uşaq-gənclər futbolunun və idman infrastrukturunun inkişafı) işləməyə vadar etməlidir.
Qaydalara riayət olunmasına xüsusi yaradılmış klublara maliyyə nəzarəti üzrə müstəqil işçi qrupu nəzarət edəcəkdir. İşçi qrupunun rəhbəri Belçikanın sabiq baş naziri Jan-lyuk Dexane təyin edilmişdir. Klublar öz maliyyə hesabatlarını açıqlamağa borcludurlar. İşçi qrupuna daxil olan maliyyə ekspertləri və hüquqşünaslar UEFA-nın lisenziyalaşdırma sisteminin lazımi şəkildə tətbiq edilməsinə əmin olmaq məqsədi ilə auditor yoxlamaları keçirəcəklər.