Futbol üzrə “Coca-Cola” məktəbli kuboku turnirinə yekun vurulub
Masallı, 20 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin, AFFA-nın və “Coca-Cola” şirkətinin birgə layihəsi olan futbol üzrə “Coca-Cola” məktəbli kuboku turnirinin final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Masallı Olimpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Masallı şəhər Sakit Tağıyev adına 4 saylı Digah və Ağdam rayon 18 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıblar. Rəqibini 5:0 hesabı ilə məğlub edən Masallı rayonunun yetirmələri “Coca-Cola” məktəbli kuboku turnirinin qalibi olublar. Turnirdə üçüncü yeri Qəbələ rayon 2 nömrəli tam orta məktəbin komandası tutub.
Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok, medal, xatirə hədiyyələri, həmçinin "Ən yaxşı oyunçu", “Ən məhsuldar oyunçu”, “Fair play” nominasiyaları üzrə qaliblərə mükafatlar təqdim olunub.
“Coca-Cola” məktəbli kubokunun 2018-2019-cu il mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. Səkkiz ildir təşkil olunan “Coca-Cola” məktəbli kuboku futbol turniri ölkəmizdə keçirilən ən kütləvi futbol yarışıdır.