FUTBOL ÜZRƏ SUMQAYIT BƏLƏDİYYƏSİ KUBOKUNUN QALİBİ MƏLUMDUR
Sumqayıt, 9 sentyabr (AZƏRTAC). Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yeniyetmələr arasında futbol üzrə Bələdiyyə Kuboku uğrunda şəhər birinciliyinin təntənəli bağlanışı olmuşdur. Şəhər məhəllə komitələri komandaları arasında yarışlar 4 ildir ardıcıl keçirilir. 1997-1998-ci illərdə anadan olmuş yeniyetmələr arasında keçirilmiş builki turnir Sumqayıta şəhər statusu verilməsinin 60 illiyinə həsr olunmuşdu. Üç ay müddətində 20-dən çox komanda çempion adı uğrunda inadla mübarizə aparmışdır. Şəhər Bələdiyyə Kubokunun sahibi Sumqayıtın 7, 8 və 12-ci məhəllələrinin birləşmiş komandası olmuşdur.
Qaliblərin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasimdən öncə Azərbaycanın dövlət himni səslənmişdir. Futbol Federasiyaları İctimai Regional Birliyinin vitse-prezidenti, Azərbaycan futbolunun veteranı Maşallah Əhmədov, Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov, AFFA-nın regional təşkilatının sədri, respublikanın əməkdar məşqçisi Yaşar Şamilov qalibləri təbrik etmişlər. Çıxış edənlər ölkədə idmanın inkişafı üçün gözəl şərait yaradıldığını bildirmiş, belə turnirlərin uşaq futbolunun inkişafında və istedadlı futbolçuların aşkar edilməsində böyük rol oynadığını xüsusi vurğulamışlar. Tədbir iştirakçıları Sumqayıtın tarixindən bəhs etmiş, yeniyetmələrə doğma şəhərin rifahı naminə uğurlar arzulamışlar.
Ölkəmizdə uşaqlar arasında futbol turnirini birinci təşkil etmiş Sumqayıt bələdiyyəsi komanda heyətlərinin idman geyimi ilə təmin olunması qayğısına da qalmışdır. Sayı 400-ə çatan bütün iştirakçılara idman formaları, komandalara toplar hədiyyə edilmişdir.
Qeyd edək ki, təşkilatçılar qarşıya qoyulan məqsədə nail olmuşlar. Bundan əvvəl keçirilmiş 3 turnirdə Sumqayıtın bir neçə istedadlı yeniyetmə futbolçusu aşkar edilmişdir. Böyük ümidlər verən 13 yeniyetmə futbolçu ölkənin yüksək liqasında çıxış edən komandaların əvəzedici heyətlərinə daxil edilmişdir. Daha bir neçə sumqayıtlı yeniyetmə 15-17 yaşlı gənclərdən ibarət ölkə yığma komandasının heyətinə cəlb olunmuşdur. Ötən il keçirilmiş turnirin 7 iştirakçısı Futbol Akademiyasında təhsil alır.
Təşkilatçıların rəyinə görə, belə turnirlərin keçirilməsi yeniyetmələrə öz yay tətillərini daha səmərəli və maraqlı təşkil etməyə imkan vermişdir. Sevimli idman oyunundan həzz alan Sumqayıt məktəbliləri, həmçinin sağlamlıqlarını möhkəmləndirmişlər.
######
