Futbolçu Sako WADA-nı məhkəməyə verib
Bakı, 25 iyul, AZƏRTAC
İngiltərənin “Kristal Telas” komandasının fransalı futbolçusu Mamadu Sako dopinq-test yoxlaması ilə bağlı səhvə görə Dünya Antidopinq Agentliyini (WADA) məhkəməyə verib. Britaniyada çıxan “Guardian” qəzetinin yazdığına görə Sako ona 16 milyon avro ödənilməsini tələb edir.
AZƏRTAC xəbər verir ki, 2016-cı ilin aprel ayında İngiltərənin “Liverpul” komandasında oynayan Mamadu Sakonun dopinq-probunda piy yandıran preparatlar aşkar ediləndən sonra o, 30 günlüyə futboldan kənarlaşdırılıb. Nəticədə fransalı futbolçu 2016-cı il Avropa Liqasının finalında və Avropa çempionatında çıxış edə bilməyib. Sonradan Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) futbolçuya bəraət qazandıraraq bildirib ki, həmin maddə WADA tərəfindən qadağan edilmiş preparatlar siyahısına daxil deyil. 2017-ci ilin sentyabrında “Liverpul” fransalı futbolçunu “Kristal Pelas” komandasına satıb.
Futbolçunun vəkili Stüart Ritçi deyib: “Kristal Pelas” İngiltərə Premyer-Liqasının görkəmli klubudur, lakin bu komandanı dünyada “Liverpul” qədər tanımırlar, onun bu oyunçuya layiq şöhrəti və brendi yoxdur”.
29 yaşlı futbolçunun vəkilləri iddia edirlər ki, Sako “Liverpul”dan getməsi nəticəsində əməkhaqqı şəklində 16 milyon avro ziyana düşüb. WADA Sakonun “Liverpul” tərəfindən satılmasına görə məsuliyyət daşımasını inkar edir və bildirir ki, bu sövdə intizam xarakterli problemlərlə bağlıdır.
Hakimin sərəncamında göstərilir ki, məhkəmə əvvəlcə DVADA-nın Sako qarşısında təqsirkar olmasını müəyyən etməli, sonra isə iddianın maliyyə tərəfinə baxmalıdır.