Füzuli rayonunda Şəhidlər abidəsi və bulağı açılıb VİDEO
Füzuli, 28 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunun Qazaxlar kəndində Şəhidlər abidəsi və bulağının açılışı olub. Açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və qazilər, sakinlər, məktəb kollektivləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Vətən uğrunda canını fəda qəhrəmanların ruhuna dualar oxunub. Sonra Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, Qazaxlar kəndində inşa olunan abidədə 11 şəhidin xatirəsi əbədiləşdirilib. Burada Mirzənağılı kəndindən olan şəhidlərin də fotoları əks olunub. Qeyd edilib ki, abidədə Birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin və atəşkəs dövründə ermənilərin mülki əhaliyə qarşı törətdiyi təxribatlar zamanı şəhid olan mülki vətəndaşların fotoları yer alıb.
Bildirilib ki, 44 günlük Zəfər yürüşündə müzəffər Ordumuz torpaqlarımızı düşmən işğalından azad edərək, həm də şəhidlərimizin qisasını aldı.
Sonra məktəblilərin ifasında qəhrəmanlara, Vətənə həsr edilən şeirlər səsləndirilib.