Gələn il Ukraynada və Azərbaycanda turizmin inkişafı üçün əlverişli olmağı vəd edir
Bakı, 15 iyul (AZƏRTAC). “İnterfaks” informasiya agentliyində Ukrayna və Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Krımdakı və Karpat dağlarındakı istirahət ocaqları ilə məşhur olan Ukraynada turizmin inkişafı barədə qısa məlumat verən bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Miroslav Bleşşuk xatırlatmışdır ki, prezidentlər Viktor Yanukoviçlə İlham Əliyevin bu ilin aprelində baş tutmuş görüşünün yekunu olaraq 2011-2015-ci illərdə hərtərəfli əməkdaşlığa dair tədbirlər Planı təsdiq edilmişdir. Onun əsas müddəalarından biri turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Gələn il Ukrayna üçün əlamətdar olacaqdır, çünki burada futbol üzrə Avropa çempionatı keçiriləcəkdir. Qonaqlar Ukraynanın ən məşhur sanatoriyalarından biri sayılan “Karpat”da yerləşdiriləcəkdir.
“Karpat” sanatoriyasının direktoru, Ukraynanın Əməkdar Həkimi Lev Qritsak son vaxtlaradək meri olduğu Truskavets şəhərindəki kurortların fəaliyyətindən, onların infrastrukturundan danışmışdır. Onun sözlərinə görə, təxminən 200 yaşı olan “Karpat” sanatoriyası balneoloji müalicəxanaları, müalicəvi mineral suları (onların sayı 14-dür), dağ iqlimi ilə fərqlənir. Sanatoriyada istirahət edənlərə təkcə dincəlmək deyil, həm də məqbul qiymətlərlə profilaktika, müalicə və reabilitasiya keçmək imkanı yaradılmışdır. Qonaq vurğulamışdır ki, Azərbaycan hər il sanatoriyaya gələn turistlərin sayına görə, Rusiya və Belarusdan sonra üçüncü yeri tutur.
Turistlərin rahatlığı üçün İvano-Frankovsk-Bakı-İvano-Frankovsk aviamarşrutunun açılması nəzərdə tutulmuş, Lvovda beynəlxalq aeroport inşa edilir.
O diqqətə çatdırmışdır ki, 2011-ci il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Turizm ili” elan olunduğu üçün Ukrayna bu sahədə əməkdaşlığı inkişaf etdirmək, Azərbaycanın turizm şirkətləri ilə tanış olmaq qərarına gəlmişdir.
“Eurovision-2011” mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən L.Qritsak bildirmişdir ki, dünya ictimaiyyətinin Azərbaycana marağını yüksəltmiş bu qələbə, heç şübhəsiz, ölkəyə gələn turistlərin sayını xeyli artıracaqdır.
Bakıda “Eurovizion-2012” mahnı müsabiqəsinin, Ukraynada futbol üzrə Avropa çempionatının keçirilməsi ilə əlaqədar gələn il hər iki ölkəyə turistlərin böyük axını olacağını vəd edir.