Gənc alimlər erkən nikahların yeniyetmələrdə doğurduğu fəsadlardan danışıblar
Bakı, 12 mart, AZƏRTAC
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu gənclər və yeniyetmələr üçün maarifləndirici onlayn görüş keçirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Lənkəran rayonu Şovu kəndi Mais Cəbrayılov adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə keçirilən görüş haqqında ümumi məlumat verən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova cəmiyyətin sağlam formalaşması, yeniyetmələrin sağlam ruhda böyüməsi üçün maariflənməyə ehtiyac olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Vəkillər Kollegiyasının üzvü, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Könül Məmmədova məsələyə hüquqi aspektdən yanaşıb, qanuni yolla erkən nikahların qarşısının alınmasından danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Ölkə qanunvericiliyinə əsasən, 18 yaşa çatmamış şəxslər erkən yaşlı hesab edilir.
Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, psixoloq Tünzalə Musayeva isə erkən nikahların arzuolunmaz nəticələrə səbəb olmasından, uşaqların psixologiyasındakı dəyişikliklərdən danışıb. Erkən nikahların xüsusən qızların fiziki və psixoloji inkişafının qarşısını aldığını bildirən psixoloq bununla bağlı məktəblərdə ciddi şəkildə maarifləndirmə aparmağın, ailə mühitini düzgün formalaşdırmağın vacibliyini vurğulayıb.
İnstitutun gənc alimləri - İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının kiçik elmi işçisi Afaq Nurullayeva, Ekotoksikologiya laboratoriyasının kiçik elmi işçisi Aytən Muradova, Uzunömürlülüyün fiziologiyası laboratoriyasının böyük laborantı Zərnigar Qasımova çıxış edərək sağlam ailə üçün təhsilin vacibliyi vurğulayıblar.