GƏNC AŞIQLARIN AŞIQ ŞƏMŞİR ADINA IV RESPUBLİKA MÜSABİQƏSİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının mədəni sərvətlərini qoruyub saxlamaq və daha da inkişaf etdirmək, aşıq sənətinə marağı artırmaq, regionlarda yeni istedadlı gənc ifaçıları aşkara çıxarmaq məqsədi ilə gənc aşıqların Aşıq Şəmşir adına IV respublika müsabiqəsinin keçirilməsini qərara almışdır. Bununla əlaqədar 2008-ci ilin avqustundan etibarən respublikanın şəhər və rayonlarında müsabiqənin 1-ci turu keçirilmişdir. İlk turun nəticələrinə görə, 37 şəhər və rayondan 83 gənc ifaçı sentyabr ayının 22-dən 26-dək Şəmkir rayonunda keçiriləcək yekun turda iştirak etmək hüququ qazanmışdır.
Müsabiqənin münsiflər heyətinə Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, Respublika Aşıqlar Birliyi idarə heyətinin üzvü İsfəndiyar Rüstəmov, Bakı Musiqi Akademiyası xalq musiqisinin nəzəriyyəsi və tarixi kafedrasının professoru, sənətşünaslıq doktoru Tariyel Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya elmləri namizədi, Aşıqlar Birliyi idarə heyətinin üzvü Elxan Məmmədli, aşıq Mahmud Məmmədov (Tovuz rayonu), aşıq Solmaz Kosayeva (Qazax rayonu), aşıq Yanvar Bədəlov (İsmayıllı rayonu), Mədəniyyət və Turizm Nazirliyi Aparatının regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov daxildirlər.
Qaliblərin təltifolunma mərasimi və onların iştirakı ilə konsert oktyabr ayının 7-də Gəncə Dövlət Dram Teatrında keçiriləcəkdir.