Gənc muğam ifaçılarının Qəbələ festivalında çıxışı maraqla qarşılanıb
Qəbələ, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı zəngin və rəngarəngdir. Əvvəlki festivallarda olduğu kimi, bu il də tamaşaçılar muğam ifaçılarının çıxışını böyük səbirsizliklə gözləyirdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 30-da axşam Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın tanınmış, gənc xanəndələri Mirələm Mirələmov və Kamilə Nəbiyevanın iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc muğam ifaçıları öz möhtəşəm ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər.
Qeyd edək ki, xanəndə Mirələm Mirələmov 2011-ci ildə Televiziya muğam müsabiqəsinin, 2013-cü ildə Respublika muğam müsabiqəsinin və “Muğam aləmi” III Beynəlxalq Müsabiqəsinin iştirakçısı və qalibidir. Gənc xanəndə 2008-ci ildən bir çox ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Avstraliya, İtaliya, Özbəkistan, Tacikistan, İsrail, Rumıniya, Almaniya, İsveç, Gürcüstan, İngiltərə və ABŞ-da çıxış edib. Kamilə Nəbiyeva da ölkəmizdə keçirilən bir çox festival və müsabiqələrin laureatı, bir sıra beynəlxalq musiqi tədbirlərinin iştirakçısı olub.
Gənc və istedadlı xanəndələrin ifa etdikləri “Şur”, “Segah”, “Bayatı-Şiraz” təsnifləri, N.Feyzullayevin “Ay qız”, E.Sabitoğlunun “Əsən yellər” və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Tanınmış xanəndələri tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov, balabanda İdris Tağıyev, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.
Festival çərçivəsində iyulun 31-də saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti kamera konserti təqdim ediləcək.