RƏSMİ XRONİKA
GƏNCƏ REGİONAL MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 3-də Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il oktyabrın 11-də təməlini qoyduğu Gəncə regional müalicə-diaqnostika mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı onu hörmətlə qarşılayan inşaatçılara təşəkkür edərək dedi ki, həm memarlıq, həm də xarici görünüş baxımından gözəl bina yaratmısınız. Burada müasir avadanlıq quraşdırılacaq, yüksək səviyyəli kadrlar işləyəcəklər. Bu bölgədə buna bənzər bina yoxdur.
Sonra Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə maraqlandı. Məlumat verildi ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən müalicə-diaqnostika mərkəzinin dördmərtəbəli binasinin ümumi sahəsi 7 min kvadratmetr olacaqdır. Birinci mərtəbədə dializ, rentgen, tomoqrafiya, ilkin tibbi yardım və travmatologiya şöbələri fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə müvafiq şöbələr üzrə qəbul otaqları yerləşəcəkdir. Üçüncü mərtəbədə isə 12 palata, yeməkxana, əlavə yardımçı otaqlar olacaqdır. Reanimasiya şöbəsi, dörd əməliyyat otağı isə dördüncü mərtəbədə yerləşəcəkdir. İndi tikintidə 800 işçi çalışır. Müalicə-diaqnostika mərkəzinin bu ilin ortalarına qədər istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev tikintinin keyfiyyətlə aparılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Naftalan şəhərinə getdi.
######