Gəncədə “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunacaq
Bakı, 24 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə avqustun 6-8-də Gəncə şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə və ətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Gəncə” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB Fest” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.
Bu il ərzində artıq Göygöl və Şəki şəhərlərində “KOB Fest” sərgi-satış yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilib və satışı həyata keçirilib.