Gənclər idman hakimliyinə böyük maraq göstərir
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Güləş Federasiyası (AGF) Hakimlər Kollegiyası yeni hakimlər üçün növbəti təlim-seminar keçirib. Hakimliyə yeni başlayacaq gənclərə güləş qaydaları barədə nəzəri və praktiki biliklər paylaşılıb.
Bu barədə AZƏRTAC-a AGF-dən bildiriblər.
Gənc hakimlər ilk olaraq noyabrın 12-13-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında kiçik yaşlı yeniyetmələr arasında “Gələcəyin Olimpiyaçıları” komanda yarışlarında sınaqdan keçiriləcək. Sınaqdan uğurla keçən gənclər milli dərəcəli hakim kimi yerli turnirlərdə görüşlərin idarə edilməsində iştirak edəcək.
AGF-nin Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi gənclərin hakimliyə marağının yüksək olduğunu bildirib. Vurğulayıb ki, biz mütəmadi olaraq hakimliyə maraq göstərən gənclərlə görüşlər keçiririk. Hər bir yarışdan əvvəl hakimlər üçün təşkil etdiyimiz seminarlarda mövcud güləş qaydaları barədə məlumatlar paylaşır, mübahisəli epizodlar barəsində fikir mübadiləsi aparırıq. Sevindirici hal odur ki, gənclərimizin güləş idmanına olduğu kimi, güləş hakimliyinə də böyük maraqları var. Biz də Kollegiya olaraq çalışırıq ki, onların bu maraqlarını, istəklərini reallaşdırmalarına yardım edək.