“Gənclər üçün akademik Əli Quliyev adına mükafat” müsabiqəsinin qalibi müəyyənləşib
Bakı, 1 iyun, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının elan etdiyi 2021-ci il üzrə “Gənclər üçün akademik Əli Quliyev adına mükafat” müsabiqəsinin qalibi müəyyənləşib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə görə bu mükafat institutda çalışan və yüksək elmi nəticə göstərən bir gənc tədqiqatçıya təqdim edilir. İnstitutda çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətin 2020-ci il üzrə elmmetrik meyarlar əsasında qiymətləndirilməsinin nəticələrinə əsasən, 8 saylı laboratoriyanın əməkdaşı Mənsurə Hüseynova “Gənclər üçün akademik Əli Quliyev adına mükafat”a layiq görülüb. Qalibə diplom və mükafatı təqdim olunub.
Xatırladaq ki, Azərbaycanda aşqarlar kimyası məktəbinin banisi olan, dünya şöhrətli tanınmış alim akademik Əli Quliyevin adına təsis edilən mükafat 2012-ci ildən etibarən hər il akademikin doğum günündə təqdim edilir.