Gənclər və idman naziri Dubayda beynəlxalq mükafatın təqdimat mərasimində iştirak edəcək
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov martın 23-də Dubayda keçiriləcək “3-cü idman ictimaiyyəti mükafatı”nın təqdimat mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliyinə səfərə yola düşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 14 kateqoriya üzrə verilən nüfuzlu mükafat son bir ildə idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim edilir.
Tədbirdə Azad Rəhimovun son illər Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərlə bağlı çıxışı nəzərdə tutulub. Təqdimatda nazir ötən il Bakıda keçirilmiş birinci Avropa Oyunları, bu il ölkəmizin ev sahibliyi edəcəyi “Formula-1” Avropa Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin üç qrup və bir yarımfinal görüşləri barədə ətraflı məlumat verəcək.
Həmçinin nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunan uğurlardan danışacaq. Bu uğurun göstəricisi kimi, bu il dünyanın nüfuzlu “Sport Business Group” şirkətinin keçirdiyi sorğuya əsasən, Azərbaycanın idman oyunlarını yüksək səviyyədə keçirməsinə görə 150 ölkə arasında 30-cu yerdə qərarlaşdığını diqqətə çatdıracaq.
Bu il “3-cü idman ictimaiyyəti mükafatı” üçün Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət qeydə alınıb.