MƏDƏNİYYƏT
Giorgi Qaxaria: Gürcüstan pandemiya dövründə “yaşıl” zonadakı statusunu saxlayıb
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan pandemiya dövründə “yaşıl” zonadakı statusunu saxlayıb və bu gün turizm üçün ən təhlükəsiz ölkələr sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Dünya Turizm Təşkilatının (DTT) Tbilisidə keçirilən sayca 112-ci illik toplantısındakı çıxışı zamanı söyləyib.
Hökumət başçısı deyib ki, bu gün pandemiya səbəbindən dünya miqyasında ən çox ziyan dəymiş sahələrdən biri də turizm sektorudur. Böhran Gürcüstanın turizm sektoruna da ciddi ziyan vurub. Əvvəlki illərdə Gürcüstan turizmin inkişafı baxımından dünyada liderlərdən biri idi və ən əsası turizm sektoru ölkə iqtisadiyyatının 8,1 faizini təşkil edib. Təkcə 2019-cu ildə Gürcüstan rekord dərəcədə 9.4 milyon beynəlxalq səyahətçi qəbul edib, bu da 3 milyon 700 min əhalisi olan ölkə üçün çox böyük göstəricidir.
“Gürcüstanda ölkənin sürətli iqtisadi böyüməsinə, həmçinin turizm sektorunun inkişafına töhfə verən infrastruktur inkişafını fəal şəkildə həyata keçiririk”, - deyə Qaxaria vurğulayıb.
Qeyd edək ki, DTT-nin illik iclası hər il Madriddə keçirilirdi, lakin bu il tədbir istisna olaraq İspaniyadan kənarda, Tbilisidə təşkil olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi