GÖMRÜKÇÜLƏR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ DƏRİN EHTİRAMLA ANMIŞLAR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasim iştirakçıları əvvəlcə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan, dövlətçilik təcrübəsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərindən danışan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov demişdir ki, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yaşadığı ömür yolu hər birimizə nümunədir. Ümummilli liderin bütün həyatı boyu əsas ideyası, gördüyü işlər Azərbaycanın yüksəlişinə, xalqımızın əmin-amanlığına, rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir. Müdrik rəhbərimiz Azərbaycanı tarixi burulğanlardan keçirərək özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmış və onu beynəlxalq münasibətlər məkanında söz sahibi etmişdir.
Natiq ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan gömrüyünün bir sistem kimi formalaşmasında və inkişafında müstəsna xidmətlərindən bəhs edərkən demişdir:
-Hamımızın yaxşı yadındadır. 1995-ci il yanvarın 9-da Prezidentin yanında keçirilən müşavirədə müdrik rəhbərimiz Heydər Əliyevin gömrük xidmətinin müasir tələblərə cavab verən səviyyəyə qaldırılması üçün qarşıya qoyduğu konkret vəzifələr, verdiyi proqram tövsiyələr uğurla yerinə yetirilmişdir. 1997-ci ilin yanvarında Azərbaycan gömrüyünün beş illik yubileyi mərasimində iştirak edən Prezident Heydər Əliyev çıxışında Azərbaycan Gömrüyünün problemlərinə yaxından bələd olan, onun hüquqi bazasını yaratmış bir insan, bir mütəxəssis kimi inkişafımızın dolğun, hərtərəfli təhlilini vermişdir. O, fenomen idi. Hər bir məmurun, dövlət adamının özünü necə aparmasını, Azərbaycan dövlətinə necə xidmət etməsini bizlərə təlqin etmişdir. Uğurlarımız sübut edir ki, ulu öndərin müəyyən etdiyi strategiya, siyasi xətt Azərbaycanı xoşbəxt gələcəyə qovuşduracaqdır.
Heydər Əliyev Azərbaycanda elə bir siyasət formalaşdırıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, o siyasət davam edəcək, Azərbaycan yaxın gələcəkdə qüdrətli bir dövlətə çevriləcəkdir.
Azərbaycan xalqı nə qədər yaşayacaqsa, böyük insanın siması gözümüz önündən getməyəcək, Heydər Əliyev şəxsiyyəti qəlbimizdə daim yaşayacaqdır.
Milli Məclisin deputatı Rəfael Hüseynov çıxış edərək Azərbaycan istiqlalının möhkəmləndirilməsi yolunda ulu öndər Heydər Əliyevin xidmətlərinin dövlət quruculuğu ilə bilavasitə bağlı olduğunu vurğulamış, onun bir memar düşüncəsi ilə Azərbaycanın bu gününü və gələcəyini qurduğunu fəxrlə dilə gətirmişdir. O demişdir ki, Heydər Əliyev doğma Vətəni üçün mümkünsüz olan işləri həyata keçirmiş, Azərbaycanın dövlət müstəqilliyini əbədi etməklə vaxtın ən gərgin fırtınaları içərisindən bu müstəqilliyi, istiqlalı yaşadığımız əsrə gətirib çıxarmışdır.
Anma mərasiminə yekun vuran Kəmaləddin Heydərov, ümummilli lider Heydər Əliyevin əməllərinin daim ürəklərdə yaşayacağını bildirərək, Gömrük Komitəsinin şəxsi heyətinin Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə var-qüvvə ilə çalışacağını vurğulamışdır.