Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyinə həsr edilmiş onlayn konfrans keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans öz işinə başlayıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransa moderatorluq edən institutun direktoru, professor İlham Məmmədzadə görkəmli alimin elmi fəaliyyəti və fəlsəfə elminə verdiyi töhfələr haqqında məlumat verib. Qeyd edib ki, Ziyəddin Göyüşov sovet dönəmində yaşayıb fəaliyyət göstərsə də, vətənpərvər alim olması ilə hər zaman elmi müstəvidə milli məsələlərə daha çox diqqət ayırıb. Bu baxımdan onun əsərləri bu gün də istər yerli, istərsə də beynəlxalq miqyasda alimlər tərəfindən oxunur və tədqiq edilir.
O, Ziyəddin Göyüşovun Azərbaycanda etikanın yaranmasına və inkişafına böyük töhfələr verdiyini vurğulayıb, onun elmi istiqamətdə mövcud ənənələri yaradan alimlərimizdən biri olduğunu deyib.
İ.Məmmədzadə alimin yubileyi münasibətilə Bolqarıstan Sosiologiya və Fəlsəfə İnstitutunun direktoru Albena Nakova və digər ölkələrin alimləri tərəfindən təbrik məktubları aldığını da bildirib.
Konfransda “Ziyəddin Göyüşovun fəlsəfi etik görüşlərinə dair”, “Fəzilət və Qəbahət həyatın əzəli və əbədi mövzusu kimi”, “Ziyəddin Göyüşov XX əsr Azərbaycan tələbə gəncliyinin kumiri kimi”, “Azərbaycan fəlsəfə elminin görkəmli nümayəndəsi”, “Xalqın əxlaqi sərvətlərini yeni nəsillərə yönəldən böyük alim” və “Ziyəddin Göyüşov: düşüncələr və xatirələr” mövzularında məruzələr dinlənilib.
Tədbirdə qonaq qismində iştirak edən Eldar Şahgəldiyev görkəmli filosof Ziyəddin Göyüşov haqqında xatirələrini bölüşüb.
Konfrans iki gün davam edəcək.