Göyçay sakininin evində tiryəkxana aşkarlanıb
Göyçay, 26 iyul, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini, əvvəllər də məhkum olunmuş Elşən Şəfiyevin evində tiryəkxana təşkil etməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixotrop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.