Göyçayda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib
Bakı, 24 iyul, AZƏRTAC
Göyçayda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov və layihənin koordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə çıxış edənlər bu layihənin həyata keçirilməsində məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar isə əyləncəli futbol nümayiş etdiriblər.