Göyçayda arxa cəbhədə fəallıq göstərən ictimaiyyət nümayəndələri ilə görüş olub
Göyçay, 6 fevral, AZƏRTAC
Göyçayda Vətən müharibəsi zamanı arxa cəbhədə ordumuza yaxından dəstək olan rayon ictimaiyyətinin fəal nümayəndələri ilə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük siyasi iradəsi, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti və qəhrəmanlığı sayəsində qırx dörd günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Bu qələbədə göyçaylı əsgər və zabitlərin də şücaətindən, fədakarlığından danışan natiqlər müharibənin heç də itkisiz olmadığını vurğulayıb, döyüşlərdə 46 nəfər göyçaylının şəhid olduğunu söyləyiblər.
Görüşdə xüsusilə bildirilib ki, müharibə zamanı arxa cəbhədə çalışan Göyçay ictimaiyyəti ordumuza mənəvi, maddi dəstəklərini əsirgəməyiblər.
Axırda cəbhəyə daha yaxından dəstək olan bir qrup rayon sakininə təşəkkürnamə və hədiyyə verilib.