Göygöl rayonu turistləri qəbul etməyə hazırdır
Göygöl, 24 iyun (AZƏRTAC). Əsrarəngiz gözəlliyi və bənzərsiz təbiəti ilə insanları valeh edən Göygöl rayonunda hər il olduğu kimi bu yay mövsümündə də turistləri qəbul etmək və onlara yüksək xidmət göstərmək üçün geniş hazırlıq işləri aparılmışdır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova AZƏRTAC-a bildirmişdir ki, rayona gələn qonaqlara 5 istiqamətdə turizm marşrutları təklif olunur. Onlar həmin marşrutlarla hərəkət edərək həm təbiət gözəlliklərini seyr edir, həm də tarixi yerlərlə tanış olurlar. Sevindirici haldır ki, rayona gələn turistlərin sayında hər il artım müşahidə olunur. Ötən yay mövsümündə rayonda 18 min turist dincəlmişdir. Bu il isə bu rəqəmin 20 minə çatacağı gözlənilir. Bunun da əsas səbəblərindən biri rayon mərkəzində, eləcə də dağlıq ərazilərdə yerləşən kənd və qəsəbələrdə aparılan abadlıq və quruculuq işlərinin genişləndirilməsidir. Hazırda rayonda yeni otelin inşası sürətlə davam etdirilir. Bundan başqa istirahət zonalarında mövcud olan bir neçə istirahət mərkəzində də abadlıq işləri aparılmışdır.