Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib VİDEO
Xaçmaz, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 24-ü gecə saatlarında əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Xaçmaz şəhəri ərazisində üç elektrik dirəyinin aşması nəticəsində bəzi küçələrə, eləcə də Niyazabad inzibati ərazi dairəsinə aid kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli binanın fasadı da küləyin təsiri nəticəsində qoparaq yerə tökülüb.
Şəhər ərazisində, eləcə də Quba-Xaçmaz və Xaçmaz-Xudat yollarının kənarında bir neçə ağac kökündən qoparaq aşıb.
Müvafiq icra strukturları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.