GÜLƏŞ ÜZRƏ BEYNƏLXALQ “QIZIL QRAN-PRİ” TURNİRİNİN FİNAL MƏRHƏLƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Bakı, 17 iyul (AZƏRTAC). İyulun 17-də Bakı İdman Sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” II Beynəlxalq turnirinin final mərhələsi başlanmışdır. İlk yarış günü 19 ölkənin 105 yunan-Roma güləşçisi 7 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparmışdır.
Beynəlxalq turnirin təntənəli açılış mərasimindən öncə Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti, yarışın Təşkilat Komitəsinin sədri, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov və qonaqlar Bakı İdman Sarayının foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və dövlət qayğısından bəhs edən stendlə tanış olmuşlar.
Açılış mərasiminin bədii hissəsində ana xəttini Odlar yurdunda dünyaya göz açmış bir qəhrəmanın əfsanəsindən bəhs edən kompozisiya tamaşaçılara təqdim olunmuşdur.
Mərasimin rəsmi hissəsində çıxış edən FİLA prezidenti Rafael Martinetti Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin FİLA-nın təqvim planında önəmli yer tutduğunu bildirmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür etmişdir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın bütün istiqamətlərinin sürətlə inkişaf etdiyini vurğulamışdır. O bildirmişdir ki, ötənilki turnirdə 25 ölkədən 250-yə yaxın idmançı iştirak edirdisə, bu dəfə 30-dan çox ölkədən 300-dən artıq pəhləvan yarışacaqdır. İştirakçıların sayının artması turnirin nüfuzunun yüksəldiyini göstərir.
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnirin miqyasının ildən-ilə genişləndiyini vurğulayan AGF prezidenti Fazil Məmmədov idmançılarımızdan yüksək nəticələr gözləndiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra final görüşləri başlanmışdır.
“Qızıl Qran-pri” turniri uyulun 19-da başa catacaqdır.
######
![]() |
![]() |

