Güləş üzrə böyüklərdən ibarət yığma komandalarımız Olimpiya təsnifat turnirlərinə hazırlaşır
Bakı, 19 mart, AZƏRTAC
Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirirlər.
Olimpiya Oyunlarının təsnifat turnirlərinə hazırlıq planı üzrə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın üzvləri məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində davam etdirir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat veriblər.
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın 12 üzvünün qatıldığı təlim-məşq toplanışı martın 17-dən başlayıb və aprelin 3-dək davam edəcək.
Məlumat üçün bildirilib ki, ilk lisenziyaların qazanıldığı dünya çempionatında güləşçilərimiz Rio Olimpiadasına 11 vəsiqəni təmin edib.
Növbəti lisenziya yarışları aprelin 15-dən 17-dək Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, aprelin 22-dən 24-dək Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və mayın 6-dan 8-dək İstanbulda keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.
Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa və İstanbulda keçiriləcək sonuncu Dünya təsnifat turnirlərində hər çəki dərəcəsində yalnız finalçılar, Monqolustanda keçiriləcək birinci Dünya təsnifat turnirində isə finalçılarla yanaşı, bir üçüncü yerin qalibi də Olimpiya Oyunlarına vəsiqə qazanacaq.