Güləşçilərimiz İdman Festivalında növbəti mərhələyə adlayıblar
Yekaterinburq, 25 avqust, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Səbuhi Yunusov (57 kiloqram) monqolustanlı Sarantuya Jiquruya 6:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Sabir Cəfərov (70 kiloqram) Monqolustanın digər təmsilçisi Shinebayar Deleq üzərində 10:0 hesablı qələbə qazanıb. O, bu nəticə ilə 1/4 finalda iştirak hüququ əldə edib.
Ceyhun Allahverdiyev (61 kiloqram) İranı təmsil edən idmançı Veisi Mahti ilə gərgin mübarizədən qalib (4:2) ayrılıb və 1/4 finala vəsiqə qazanıb.
Təsnifat mərhələsində Fərid Cabbarov (86 kiloqram) belaruslu Kuxarçuk Alekseyi 8:3, Ramiz Həsənov (74 kiloqram) qazaxıstanlı Alinur Takirovu 6:0, Aydın Əhmədov (125 kiloqram) isə rusiyalı Tailun Oiunu 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.