Günel Kərimova: Əzmlə öz üzərində çalışan hər bir namizəd maksimum nəticə göstərə bilər
Bakı, 3 sentyabr, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi tam şəffaf şəkildə təşkil olunmuşdu, suallar səviyyələrə uyğun şəkildə paylanıb və çox çətin deyildi. Düşünürəm ki, əzmlə öz üzərində çalışan hər bir namizəd maksimum nəticə göstərə bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə ən yüksək (60) bal toplayan Günel Kərimova deyib.
“2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini, 2015-ci ildə isə Bakı Dövlət Universitetinin kompüter elmləri ixtisası üzrə magistratura səviyyəsini bitirmişəm. 6 ilə yaxın müddətdə orta məktəbdə fəaliyyət göstərmişəm, 4 ilə yaxındır ki, özəl kurslarda çalışıram. Onu da qeyd edim ki, bu mənim ilk uğurum deyil, 2016-cı ildə də müəllimlərin diaqnostik qiymətləndirməsində 60 bal toplamışdım. 2 il əvvəl isə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib 56 bal topladım. Lakin mən maksimum nəticə əldə etməyi qarşıma məqsəd qoymuşdum. Ona görə dayanmadan öz üzərimdə çalışaraq, ixtisasım üzrə yeni biliklər əldə edirdim. Bu çalışmalarımın, əziyyətimin bəhrəsi artıq göz qarşısındadır. İmtahan verəcək namizədlərə tövsiyəm odur ki, az bal toplasalar belə həvəsdən düşməsinlər. Qarşılarına məqsəd qoyub, uğura doğru irəliləsinlər. Çünki, elm yolunda çəkilən zəhmət mütləq öz bəhrəsini verir”,- deyə G.Kərimova vurğulayıb.
Onun sözlərinə görə, bu il imtahanda müsbət yeniliklər olub. İmtahanın sonunda səhvlərə baxmaq üçün 10 dəqiqə vaxtın ayrılması olduqca təqdirəlayiqdir: “Bu vaxtdan istifadə etməyimə ehtiyac olmasa da, düşünürəm ki, bu dəyişiklik namizədlər üçün faydalıdır. Çünki müəllim olmaq istəyənlər öz səhvlərinə nəzər salaraq hansı sahə üzrə çox çalışmalı olduqlarını anlayırlar".