GÜNTER QRASS NOBEL MÜKAFATINDAN MƏHRUM EDİLMƏYƏCƏK
Məlum olduğu kimi, keçən həftə Qrass gözlənilmədən bildirmişdir ki, İkinci Dünya müharibəsi dövründə SS qoşunlarında xidmət etmişdir. Bu bir çox yazıçıların, tarixçi və siyasətçilərin kəskin reaksiyasına səbəb olmuşdur. Bəziləri ədəbiyyat sahəsində nailiyyətlərinə görə 1999-cu ildə layiq görüldüyü Nobel mükafatını onun əlindən almağı tələb etmişlər.
O, Almaniyanın ARD telekanalına müsahibəsində demişdir: “Məni arzuolunmaz şəxs elan etməyə, SS-də xidmətdən sonra həyatda gördüyüm bütün işləri şübhə altına almağa çalışırlar”.
Qrassın müharibə haqqında xatirələrinin nəşri sentyabr üçün nəzərdə tutulmuşdur. O vurğulamışdır: “Bu barədə deyə biləcəklərimin hamısı həmin kitabda əksini tapacaqdır”.
Qrassın doğulduğu Polşanın Qdansk şəhərinin meri bildirmişdir ki, yazıçını fəxri vətəndaş adından məhrum etmək lazım deyildir. O demişdir ki, şəhər şurasına müvafiq sorğu verməyəcək, çünki tarixi yozmaq bu hakimiyyət orqanının səlahiyyətinə daxil deyildir.
Xatırladaq ki, bazar ertəsi sabiq Polşa Prezidenti Lex Valensa bildirmişdir ki, Qrass Qdanskın fəxri vətəndaşı adından imtina etməlidir.
Günter Qrass sol baxışlı pasifistdir, ən məşhur romanı olan “Tənəkə təbil” əsərində XX əsrin birinci yarısında Qdanskın və Almaniyanın satirik mənzərəsini vermişdir. Roman antifaşist ruhda yazılmışdır. Ona görə də yazıçının indiki etirafı qəfil çaxan ildırımı xatırlatmışdır. Əvvəllər təkcə bu məlum idi ki, o, sıravi əsgər kimi xidmət etmiş, yaralanmış və amerikalılar tərəfindən əsir götürülmüşdür.