GÜRCÜSTAN PREZİDENTİ PARLAMENT ÇOXLUĞUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB
Görüşün mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən hissəsində Saakaşvili oktyabrın 5-də yerli özünüidarə orqanlarına seçkilərdə hakim partiyanın böyük qələbə qazanması münasibətilə gürcü xalqını bir daha təbrik etmiş və demişdir: “Mən seçkilərin nəticəsindən, sözün həqiqi mənasında, razıyam. Bir çoxları bu seçkilərdə böyük ümidsizliklər yaranacağını, xalqın seçkilərə getməyəcəyini söyləyirdi. Belələrinə deyirəm: Gedin, soyuq su için. Gürcüstan tarixində ilk dəfədir ki, seçkilərdə bu qədər adam iştirak edirdi”.
Dövlət başçısı iqtidarın ünvanına müxalifətin təhqirlər söyləməsini seçkilərdə ağır məğlubiyyətə uğraması ilə bağlamış və müxalifəti təmsil edən deputatları boykotu dayandırıb parlamentin iclaslarına gəlməyə çağırmışdır.
M.Saakaşvili Rusiya-Gürcüstan münasibətlərinə də toxunaraq, istənilən dəqiqədə Rusiyanın istənilən yerinə gedib münasibətlərin yoluna qoyulması üçün danışıqlar aparmağa hazır olduğunu bildirmişdir.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Tbilisi şəhəri üzrə 10 seçki dairəsində və 510 seçki məntəqəsində səsvermənin nəticələrini elan etmişdir. İlkin məlumata görə, oktyabrın 5-də keçirilən seçkilərdə hakim Milli Hərəkat Partiyası 66,42, “Davitaşvili, Xidaşeli-Berdzenişvili” bloku 12, Leyborist Partiyası 10,3, Gürcüstanı Sənaye Xilas Edəcək Partiyası isə tbilisililərin 6,8 faizinin səsini toplamış və Şəhər Məclisində hakim partiya 9 və qalan partiyaların hərəsi 1 yer almışlar.