GÜRCÜSTANDA HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜKEÇİRİLMİŞDİR
Mərasimlərdə ölkənin Azərbaycan ictimaiyyəti ilə yanaşı, gürcü xalqının və Gürcüstan iqtidarının nümayəndələri də iştirak etmişlər. Çıxış edənlər Heydər Əliyev dühasından, onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, ideyalarının öz xalqının gələcək inkişaf yoluna daim işıq saçıb nur çiləməsindən ətraflı söhbət açmışlar. Görüşlərdə Azərbaycanın gələcək yolunu “Yönümüz Şərqə, yolumuz Qərbədir” - deyə müəyyənləşdirən müdrik rəhbərin “Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir” kəlamı dəfələrlə səslənmişdir.
Mərasimlərdə Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi, Prezident İlham Əliyevin ümummilli liderin müəyyən etdiyi daxili və xarici siyasi xətti uğurla davam etdirdiyindən, Azərbaycana strateji tərəfdaş olan Gürcüstanla münasibətlərin daha yüksək səviyyəyə qaldırılması yönümündə böyük işlər gördüyündən məmnunluq duyulduğu vurğulanmışdır.
Tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər göstərilmiş, fotostendlər nümayiş etdirilmişdir.
Sonda səfirliyimizin hesabına hər yerdə ehsan verilmiş, məscidlərdə ulu öndərin ruhuna dualar oxunmuşdur.