GÜRCÜSTANDAKI AZƏRBAYCANLI TƏLƏBƏ VƏ GƏNCLƏR TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANA GƏLMİŞLƏR
Bakı, 26 iyul (AZƏRTAC). Gürcüstandakı azərbaycanlı tələbə və gənclər təşkilatlarının bir qrup nümayəndəsi iyulun 26-da Azərbaycana gəlmişdir.
Onlar Novxanı qəsəbəsindəki “Aquapark” əyləncə mərkəzində istirahət edəcək, Bakıda və paytaxt ətrafındakı tarixi-mədəniyyət abidələri ilə tanış olacaqlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu layihə “Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbirlər planı”na uyğun olaraq həyata keçirilir. Əsas məqsəd Gürcüstanda yaşayan gənclərin Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlər, mədəniyyəti haqqında daha geniş şəkildə məlumatlandırılması, eyni zamanda onların yay tətilinin səmərəli təşkilidir. Layihə 4 ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilir.
Gürcüstanda yaşayan gənc soydaşlarımız iyulun 27-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək və Şəhidlər xiyabanında Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinə ehtiramlarını bildirəcəklər.
Tələbələrin Heydər Əliyev Fondu, İçərişəhərin memarlıq abidələri, Şirvanşahlar sarayı və Qız qalası, Atəşgah, Qobustan dövlət qoruğu, “Qala” arxeoloji-etnoqrafik muzey kompleksi ilə tanışlığı da nəzərdə tutulmuşdur.
Bundan başqa, tələbələrə Azərbaycan tarixi mövzusunda mühazirələr oxunacaq, folklorumuz haqqında ətraflı məlumat veriləcək, Azərbaycan mətbəxi ilə bağlı seminar təşkil olunacaqdır. Soydaşlarımız Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri ilə də görüşəcək, Milli Təhlükəsizlik Nazirliyinin sənədli xronoloji materialları əsasında lentə alınmış “Azərbaycanda erməni terrorizminin izi ilə” filminə baxacaqlar.
Gürcüstanda yaşayan azərbaycanlı gənclərin səfər proqramına Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri ilə görüş də daxil edilmişdir.
Qeyd edək ki, 80 nəfərlik qrupa Gürcüstandakı azərbaycanlı gənclərin birləşdiyi QHT-lərin təmsilçiləri və ali məktəblərdə təhsil alan soydaşlarımız daxildirlər.