Gürcüstandan vətəndaşlarımızın Azərbaycana təxliyəsi davam edir
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın təxliyəsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, növbəti təxliyə sentyabrın 8-də həyata keçirilib və 200 nəfər Azərbaycana yola salınıb. Onlar sentyabrın 7-də Tbilisidəki klinikaların birində koronavirusla bağlı testdən keçiblər və cavabların hamısı neqativ olub.
Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış verilib və onlar sentyabrın 8-də xüsusi avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov AZƏRTAC-a bildirib ki, sentyabrın 14-də daha bir təxliyə həyata keçiriləcək. Təxliyə zamanı yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə daha çox üstünlük verilir.
Qeyd edək ki, səfirlik pandemiya dövründə Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsini təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi