GÜRCÜSTANIN SVANETİ BÖLGƏSİNDƏ KEÇİRİLƏN ƏMƏLİYYATIN İLK MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
M.Saakaşvili demişdir: “Qeyd etmək istəyirəm ki, bu, ərazi uğrunda mübarizə deyil, illər uzunu terror altında yaşayan adamları qorumaq uğrunda mübarizədir. Burada Abxaziya müharibəsindəkindən daha çox adam həlak oldu. Başlıca vəzifəmiz adamları müdafiə etməkdir. Heç kəs illüziyaya qapılmasın. Quldurları yerin altında da olsalar, çıxarıb yaxın günlərdə qanun qarşısında cavab verməyə məcbur edəcəyik ki, gələcəkdə yeni cinayətlər törədə bilməsinlər”.
Prezidentin göstərişi ilə Kodoriyə ərzaq dolu ilk avtomobil karvanı yola düşmüşdür. Svaneti əhalisinə ərzaq yardımının davam etdiriləcəyi, buraya vertolyot reysinin bərpa olunacağı bildirilir.
Baş nazir Zurab Noğaideli iyulun 28-də demişdir ki, hökumət bölgənin sosial-iqtisadi dirçəlişi, təhsil və səhiyyə obyektlərinin, yolların bərpası üçün hər şeyi edəcəkdir.
Daxili İşlər Nazirliyi qiyamçıların başçısı Emzar Kvitsianinin və onun bacısı oğlu İrakli Arğvlianinin gizləndiyi yer barədə məlumat verənlər üçün 100 min lari (1,76 lari 1 dollardır) pul ayırmışdır.
Əməliyyat zamanı 30-dək adam yaxalanmış, silahlı dəstənin 70-dək üzvü meşələrdə gizlənmişdir. Müdafiə naziri İrakli Okruaşvili əməliyyatın davam etdiriləcəyini, hüquq mühafizəçilərinin bölgədə lazım olduğu qədər qalacağını bildirmişdir.
Xatırladaq ki, iyulun 27-də Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat departamentinin əməkdaşları Emzar Kvitsianinin Tbilisidəki evində axtarış aparmış, çoxlu odlu silah və hərbi sursat aşkar etmişlər. Hazırda polis bölgədə əhalidən odlu silahın yığılmasını, E.Kvitsianinin və onun tərəfdarlarının axtarışnı davam etdirir.