Haqq savaşının iştirakçısı: Özünüməşğulluq proqramından yararlandığıma görə məmnunam
Bakı, 29 sentyabr, AZƏRTAC
Rustam Əliyev Vətən müharibəsi iştirakçısıdır. O, 2020-ci il sentyabrın 28-dən erməni quldur birləşmələrinə qarşı aparılan haqq savaşının iştirakçılarından biridir. Cəbrayıl və Füzuli torpaqlarının düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak edib. Onun sinəsini “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları bəzəyir.
Rustam bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilən aktivlərlə təmin olunub. O, bununla əlaqədar AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Bakı Peşə Hazırlığı Mərkəzində təşkil edilən onlayn təlim kurslarında iştirak etdim, bu sahədə müəyyən qədər stajım olsa da, avtomobil şinlərinin təmiri və bərpası ixtisasına bir az da mükəmməl yiyələnməyə çalışdım. Kursu başa vurandan sonra biznes planıma uyğun olaraq avadanlıqlarla təmin edildim”.
O, özünüməşğulluq sahəsində ölkəmizdə yaradılan şəraitdən razılıq edərək deyib: “Hesab edirəm ki, bu, nəinki müharibə veteranları, eləcə də digər təbəqələr üçün də yaradılan çox yaxşı və əlverişli fürsətdir. Mən də bu fürsətdən yararlandığıma görə çox məmnunam. Paytaxtın Qaradağ rayonunda Sahil qəsəbəsində xidmət sahəm var. Çalışacağam ki, öz biznesimi daha da genişləndirim və avtomobil sahiblərinə layiqli xidmət göstərim”.