CƏMİYYƏT
Harmancı: Azərbaycan üçün ən önəmli məsələ psixi xidmətlərin əlçatanlığın təmini ilə bağlıdır
![Harmancı: Azərbaycan üçün ən önəmli məsələ psixi xidmətlərin əlçatanlığın təmini ilə bağlıdır](/files/2024/1/1200x630/17119642512786121726_1200x630.jpg)
Bakı, 1 aprel, AZƏRTAC
COVID-19 pandemiyası bütün dünyada psixi sağlamlıq məsələsinə ciddi təsir etdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı müharibə də insanların psixologiyasına təsir göstərdi.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
ÜST nümayəndəsi qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən 2020-ci ilin dekabrında Qarabağ ətrafındakı bölgələrdə psixi sağlamlıqla bağlı tədbirlər həyata keçirilib: “Biz bu müddətdə 54 nəfər psixiatriya mütəxəssisi yetişdirdik, onları iki il müddətinə təlimlərə cəlb etdik. Azərbaycan üçün ən önəmli məsələ psixi xidmətlərin əlçatanlığın təmini ilə bağlıdır. Eyni zamanda, psixiatrların və klinik psixoloqların sayında problemlər var. Rayonlarda kadr çatışmazlığının şahidi oluruq. Xalq arasında psixiatrlarla bağlı stiqmanın azaldılması da vacib məsələlərdən biridir. Stiqma azalmazsa insanların bu xidmətlərdən istifadəsi də səmərə verməyə bilər”.