CƏMİYYƏT
Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 nəfərə qulluq göstərilir
Bakı, 15 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdən biri də Ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sosial xidmət müəssisəsi 300 çarpayı olmaqla iki korpusdan ibarətdir. Hazırda 214 ahıl şəxsə zəruri sosial xidmətlər göstərilir, onlardan 111-i kişi, 103-ü qadındır.
Müəssisədə sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. ilə təmin olunub. Həmçinin kitabxana, idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir.
Bununla yanaşı, ahılların asudə vaxtını səmərəli keçirmək üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, muzeylərə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur.
Qeyd edək ki, müəssisədə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllara stasionar formada sosial xidmətlərin göstərilməsi, onlarla sosial işin aparılması və sosial reabilitasiyasının təşkili ilə bağlı fəaliyyət həyata keçirilir.