Həkim-pediatr: Yay aylarında peyvəndlərin təxirə salınması üçün əsas yoxdur
Bakı, 27 iyul, AZƏRTAC
Yay mövsümündə uşaqların peyvənd olunmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, mütəxəssislər bunun tibbi əsasının olmadığını bildirirlər. Valideynlər arasında yayılmış “yayda peyvənd vurdurmaq olmaz” düşüncəsinin yanlış olduğunu qeyd edən mütəxəssislər peyvəndlərin ilin fəslindən asılı olmayaraq, qrafik üzrə aparılmasının vacibliyini bildirirlər.
Bu barədə AZƏRTAC-a açıqlamasında K. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aynur İsmayılova məlumat verib.
Peyvəndlərin yay aylarında vurulmasına dair hər hansı məhdudiyyətin mövcud olmadığını qeyd edən həkim-pediatr deyib: “Heç bir valideynin “yayda peyvənd vurula bilməz” deməyə əsası yoxdur. Belə bir tələb və ya qadağa nə tibbi protokollarda, nə də normativ sənədlərdə yer alır. Peyvəndlər müəyyən edilmiş qrafik üzrə aparılmalıdır və onların vurulması ilin fəslindən asılı deyil”.
Aynur İsmayılovanın sözlərinə görə, peyvəndin təxirə salınması yalnız müəyyən tibbi hallarda məqsədəuyğundur. “Ən ciddi əks-göstərişlərdən biri uşağın kəskin respirator xəstəlik keçirməsi və ya yüksək hərarətinin olmasıdır. Uşaq xəstədirsə, peyvənd müvəqqəti olaraq təxirə salınmalıdır. Sağaldıqdan sonra isə peyvənd qrafikə uyğun davam etdirilə bilər.
Mütəxəssis vurğulayıb ki, allergik xəstəliklərin olması əksər hallarda peyvənd üçün maneə hesab edilmir. Onun sözlərinə görə, allergiyası olan uşaqlar da həkim nəzarəti altında peyvənd edilə bilərlər.
A.İsmayılova yay aylarında uşaqların qidalanmaları və səyahəti ilə bağlı da valideynlərə bəzi tövsiyələrini çatdırıb. O bildirib ki, uşaqda qusma, infeksion xəstəlik, yüksək hərarət və ya digər kəskin narahatlıq halları müşahidə edilərsə, səyahətin müvəqqəti olaraq təxirə salınması məqsədəuyğundur. “Uşaq özünü yaxşı hiss etmirsə, yüksək hərarəti və ya infeksiyası varsa, səyahəti bir qədər gecikdirmək daha düzgün olar”, – deyə həkim-pediatr vurğulayıb.
Qidalanma məsələsinə toxunan mütəxəssis bildirib ki, uşaqda davamlı qusma və ya ishal əlamətləri olduqda qidalanma rejiminə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, belə hallarda qidalanma müvəqqəti məhdudlaşdırıla və uşağın vəziyyəti sabitləşdikdən sonra tədricən bərpa oluna bilər. Əməliyyatdan sonrakı dövrdə də qidalanma müəyyən müddət təxirə salına və yalnız həkim tövsiyəsinə uyğun şəkildə bərpa edilə bilər.
Həkim-pediatr valideynləri elmi əsası olmayan məlumatlara deyil, mütəxəssis tövsiyələrinə və rəsmi peyvənd təqviminə əməl etməyə çağırıb. O bildirib ki, yay tətili, səyahət və ya isti hava səbəbindən peyvəndlərin gecikdirilməsi uşaqların yoluxucu xəstəliklərə qarşı müdafiəsini zəiflədə bilər.
A.İsmayılova valideynləri uşaqların sağlamlığının qorunması üçün peyvəndləri vaxtında etdirməyə və bu məsələdə əsassız fikirlərə deyil, tibbi göstərişlərə əsaslanmağa çağırıb.
Müxbir: Şəlalə Camal