Həmkəndlisinə bıçaqla xəsarət yetirən şəxsdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.
Qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Daha bir bıçaqlanma hadisəsi iyunun 27-də saat 13 radələrində Tərtər rayonunun Səhləbad kəndində baş verib. Kənd sakini S.Camalov münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib. Cinayəti törətməkdə şübhəli bilinən S.Camalov Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Hər iki hadisə bağlı təhqiqat aparılır.