HƏMYERLİMİZ “LAYİQLİ VƏTƏNDAŞA MİNNƏTDAR RUSİYADAN” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bu mükafat Rusiya regionlarının Üçüncü Konqresi və Dövlətçiliyin Möhkəmləndirilməsi sahəsində Təşəbbüslərə Yardım Fondu tərəfindən “Rusiyanı əməllərimizlə ucaldaq” federal ictimai proqramı çərçivəsində verilir. Mükafata görkəmli ictimai xadimlər, Rusiya regionlarında sosial-mədəni sahələrdə fəaliyyət göstərən müəssisə və idarələrin rəhbərləri layiq görülürlər.
Rəfail Quliyev bu mötəbər mükafatla vətəndaş cəmiyyətinin yaradılmasında xidmətlərinə və gərgin ictimai fəaliyyətinə görə təltif olunmuşdur.
Çelyabinsk Politexnik İnstitutunun məzunu Rəfail Quliyev narkotiklərə nəzarət Federal Xidmətinin vilayət idarəsi İctimai Şurası yanında Milli diasporlar komitəsinə başçılıq edir, Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk vilayəti regional bölməsinin sədridir.
Onun başçılıq etdiyi “Ozan” Mədəniyyət Mərkəzi şəhərin və vilayətin mədəni həyatında yaxından iştirak edir. “Ozan” Azərbaycan diasporunu birləşdirir və möhkəmləndirir, onun vətəndaş hüquqlarının, milli mədəni və sosial mənafelərinin gerçəkləşdirilməsinə, dilimizin və ənənələrimizin qorunub saxlanmasına kömək göstərir. Mərkəz Çelyabinsk Vilayəti Xalqları Assambleyası ilə birlikdə məktəblərdə beynəlmiləlçilik tərbiyəsi sahəsində iş aparılmasına da yardım edir. Mədəniyyət Mərkəzinin fəaliyyətinin öncül istiqamətlərindən biri də xeyriyyəçilikdir. Uşaq müəssisələrinə, xeyriyyə fondlarına, Böyük Vətən müharibəsi veteranlarına müntəzəm maddi yardım göstərilir.
Rəfail Quliyev demişdir: “Azərbaycanın dahi oğlu Heydər Əliyevin davamçıları kimi, biz Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün daim çalışırıq”.