HƏMYERLİMİZİN ADI “MİNİLLİYİMİZİN ADAMLARI” ENSİKLOPEDİYASINA DAXİL EDİLMİŞDİR
Sevindirici haldır ki, bu nəşrə həmyerlimiz, Moskva Dövlət Hüquq Akademiyasının məzunu, Rusiya Vəkillər Kollegiyasının üzvü, Ümumrusiya Azərbaycan Konqresi Moskva regional şöbəsinin rəhbəri İlqar Hacıyev də düşmüşdür. Ensiklopediyada Rusiya cəmiyyətində millətlərarası münasibətlərin möhkəmlənməsində və inkişafında İlqar Hacıyevin yaradıcılıq və xeyriyyəçilik fəaliyyəti barədə ətraflı informasiya verilir. İ.Hacıyev artıq çoxdan Azərbaycan diasporuna və Rusiya cəmiyyətinə ictimai işlərə, yaşadığı Moskva Şimal dairəsi və işlədiyi Şərq dairəsi sakinlərinin problemlərinin həllinə böyük diqqət yetirən gözəl təşkilatçı kimi tanışdır.
“Novaya liniya” Nəşriyyat Evinin direktoru Vera Boldıçeva “Minilliyimizin adamları” xatirə nişanını təqdim edərkən bildirmişdir ki, hər bir ölkənin adamları “insan kapitalı”dır, onun milli sərvətidir. Bu ensiklopediya Rusiyadakı insan kapitalının necəliyi və kimlərlə təmsil olunduğu barədə suala cavab verir. O vurğulamışdır: “Zəmanəmizin adamları minilliyin hüdudlarını adlayıb keçmişlər və onların payına vüsət və mürəkkəbliyinə görə misilsiz dəyişikliklər dövrü düşmüşdür. Bu adamlarda böyük yaradıcı qüvvə toplanmışdır. Onlar öz borcuna, istedad və təyinatına sadiqdirlər”.