Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Bakı, 14 noyabr, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatı davam edir. Kişilərin mübarizəsində ikinci turun görüşləri keçirilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti oyun günündə meydançaya əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Rəqiblərin ilk turdakı oyunu “Məhsul”un 29:28 hesablı qələbəsi ilə nəticələnib.
Azarkeşləri önünə revanş hissi ilə çıxan son çempion çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Baxmayaraq ki, ilk hissə 14:9 hesabı ilə “Bakı”nın xeyrinə başa çatıb. Amma, fasilədən sonra yüksək əzmkarlıq göstərən “Məhsul” hesabda tarazlıq yaratmağı bacarıb - 21:21.
Qalibi müəyyələşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” komandası çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib - 25:24.
Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30 hesabı ilə qalib gəlib.
“U-16”-“Təhsil” görüşü isə 22:46 hesabı ilə başa çatıb.